AZƏRBAYCANDA YAY İSTİRAHƏTİ ÜÇÜN 1000 AZN-DƏN ÇOX VƏSAİT AYIRANLARIN SAYI 2 DƏFƏ ARTIB – SORĞU

MTM (Media Təhlil Mərkəzi) vətəndaşların yay istirahəti ilə bağlı fikirlərini öyrənib. Sorğuda iştirak edən 1372 respondentin 55%-ni qadınlar, 45%-ni kişilər təşkil edib.

2021-2023-cü illərdə keçirilən eyni sorğunun nəticələrinin müqayisəsi göstərir ki, respondentlər arasında yay istirahəti üçün 1000 AZN-dən çox vəsait ayıranların sayı 2,14 dəfə, 700-1000 AZN nəzərdə tutanların sayı 1,13 dəfə artıb. İstirahətə 300-500 AZN xərcləyəcəyini bildirənlərin sayında 1,16 dəfə, 500-700 AZN ayıranların sayında isə 1,12 dəfə azalma müşahidə olunub.

Sorğu iştirakçılarının 45,3%-i yay aylarında bölgələrə, 8%-i xarici ölkələrə gedəcəyini qeyd edib. Həm ölkə daxilində, həm də xarici ölkələrə səyahət etməyi planlaşdıranlar respondentlərin 21,4%-ni, səyahət barədə düşünməyənlər 25,3%-ni təşkil edib.

İştirakçılar yay istirahəti zamanı üstünlük verdikləri məqamları açıqlayıblar. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin cavabları aşağıdakı kimi olub:

Açıq havada və parklarda istirahət etməyə – 59,5%;

Çimərlik və ya hovuzda çimməyə – 53,8%;

Tarixi yerləri gəzməyə – 37,8%;

Restoran və ya kafelərə getməyə – 34,7%;

Konsertlərə və şou-proqramlara – 22%;

Alış-veriş etməyə – 18,4%.

Digər – 16%.