AYLIQ GƏLİRİMİZƏ ƏSASƏN XƏRCLƏRİMİZİ TƏNZİMLƏYƏ BİLİRİK?

1 ildir davam edən pandemiya şəraitini nəzərə alaraq, Media Təhlil Mərkəzi tərəfindən 17-21 may tarixləri arasında sorğu keçirilib. Sorğuda iştirak edənlərin 42%-ni qadınlar, 58%-ni kişilər təşkil edib.

Sorğunun nəticələrindən məlum olub ki, respondentlərin 33,6%-nin aylıq gəliri 200-500 AZN aralığındadır. Aylıq qazancı 500-700 AZN olanlar iştirakçıların 13,4%-ni təşkil edir. Cavab verənlərin 8,6%-i ayda 700-1000, 15,6%-i 1000 AZN-dən çox qazandığını, 28,8%-i isə gəlirinin olmadığını bildirib.

Sorğuda iştirak edən kişilərin 28, qadınların isə 41 faizinin aylıq gəliri 200-500 AZN-dir.

Respondentlər sorğuda iştirak etməklə aylıq xərclərini də açıqlayıblar.

Belə ki, cavab verənlərin 64%-i ay ərzində 200-500 AZN, 14,4%-i 500-700 AZN, 9,7%-i isə 700-1000 AZN xərclədiyini söyləyib. Ay ərzində 1000 AZN-dən çox vəsait xərcləyənlər iştirakçıların 11,9%-ni təşkil edib.

Sorğuda iştirak edən kişilərin 59, qadınların 71 faizi ay ərzində 200-500 AZN xərcədiklərini qeyd ediblər.

Təqdim edilən sualla respondentlərin ay ərzində ən çox nəyə pul xərclədiyini müəyyənləşdirmək olub. Bir neçə cavab variantını seçmək imkanı olan iştirakçıların fikirləri aşağıdakı kimidir:

Ərzaq məhsulları – 82,3%;

Kommunal xidmətlər – 47,6%;

Nəqliyyat – 46,9%;

Geyim və ayaqqabı – 35,3%;

Təhsil – 26,5%;

Tibbi xidmətlər və dərman – 25,6%;                           

Kafe və restoran – 22,9%;

Parfüm və kosmetik vasitələr – 8,2%;

İçki və tütün məhsulu – 7,4%;

Məişət texnikası – 4,2%;

Turizm və səyahət – 3,3%.

Respondentlərin 60,3%-i yalnız zəruri ehtiyaclarına pul xərcləməklə aylıq gəlirlərinə qənaət etdiyini vurğulayıb. Cavab verənlərin 9,8%-i aylıq qazancının müəyyən hissəsini xərclədiyini qeyd edib. Pul yığdığı üçün qənaət edənlər sorğu iştirakçılarının 12,2%-ni, qənaət etməyənlər isə 17,7%-ni təşkil edib.

Respondentlərin 21,7%-i aylıq xərclərinin qeydiyyatını apardığını, 48,5%-i yadında saxladığını, 29,8%-i isə ümumiyyətlə xərclərini hesablamadığını bildirib.