Səudiyyə Ərəbistanının astronavtları Rayyanah Barnavi və Əli Əl-Qarni, həmçinin onlarla birlikdə mayın 22-də Beynəlxalq Kosmik Stansiyaya uçan amerikalı astronavtlar Peqqi Uitson və Con Şofner martın 31-də missiyanı uğurla başa vuraraq Yerə qayıdıblar.
ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) rəsmi saytının məlumatında bildirilib ki, astronavtları Yerə çatdıran “Dragon”” kapsulu 12 saatlıq uçuşdan sonra Meksika körfəzinə enib. Kapsulu səudiyyəli astronavt Əli Əl-Qarni idarə edib. Astronavtlar Beynəlxalq Kosmik Stansiyada 12 gün keçirib və orada rusiyalı, amerikalı və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarları ilə birgə tədqiqatlar aparıblar.
Səudiyyə Ərəbistanı astronavtlarının iştirak etdiyi “Ax-2” kosmik missiyası Krallığın nümayəndələrinin Beynəlxalq Kosmik Stansiyaya ikinci uçuşudur. Rayyanah Barnavi kosmosa uçan ilk ərəb qadın olub, Əli Əl-Qarni isə 1985-ci ildə kosmik missiyanın tərkibində olmuş şahzadə Sultan bin Salmandan sonra kosmik fəzanı fəth edən ikinci səudiyyəli astronavtdır.
NASA-nın canlı yayımında ekipajın Yerə enməsi və kosmosdan sonrakı reabilitasiya üçün keçirdiyi ilk məşq prosesi göstərilib. “Ax-2” ekipajı Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə Yerin ətrafında 126 dəfə dövrə vurub. Astronavtlar orbitdəki laboratoriyada 20-dən çox STEAM (Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) tədqiqatı həyata keçirib və mikroqravitasiya sahəsində araşdırmalar aparıblar. Səudiyyə Ərəbistanının astronavtları ərəb dünyasının ilk uzunmüddətli altı aylıq kosmik missiyasını yerinə yetirən BƏƏ-nin nümayəndəsi Sultan əl-Neyadiyə qoşulmuşdular. Bu, iki ərəb ölkəsindən olan astronavtların Beynəlxalq Kosmik Stansiyada ilk görüşü idi.