RESPONDENTLƏRİN 75%-İ TAKSİ XİDMƏTİNDƏN İSTİFADƏ ZAMANI QİYMƏTİN MÜNASİBLİYİNƏ ÜSTÜNLÜK VERİR

MTM (Media Təhlil Mərkəzi) vətəndaşların taksi xidmətləri ilə bağlı fikirlərini öyrənib. Sorğuda iştirak edən 1204 respondentin 30%-ni qadınlar, 70%-ni kişilər təşkil edib.

Məlum olub ki, respondentlərin 24%-i hər gün, 31%-i həftədə bir neçə dəfə, 32%-i ayda bir neçə dəfə, 10%-i ildə bir neçə dəfə taksi xidmətindən istifadə edir. Taksidən istifadə etməyənlər sorğu iştirakçılarının 3%-ni təşkil edib.

2021-ci ilin aprel və 2023-cü ilin may aylarında keçirilən sorğuların nəticələrinin müqayisəsi zamanı məlum olub ki, taksi xidmətlərindən hər gün istifadə edənlərin sayı 1,6 dəfə artıb.

Bir neçə variant seçmək imkanına malik olan respondentlərin “Taksi xidmətindən istifadə zamanı hansı meyara üstünlük verirsiniz?” sualına cavabları aşağıdakı kimidir:

Qiymətin münasibliyinə – 75%;

Operativ xidmətə – 42%;

Avtomobilin texniki vəziyyətinin yaxşı olmasına – 25%;

Sürücünün reytinqinə – 24%;

Avtomobilin komfortuna – 24%;

Digər – 7%.

Sorğu iştirakçıları daha çox hansı taksi xidmətlərindən istifadə etdiklərini açıqlayıblar. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 69%-i “Bolt”, 44%-i “Uber”, 15%-i “Yango”, 10%-i “189 taksi”, 8%-i “Maksim” istifadəçisi olduğunu bildirib. “Digər” variantını seçənlər cavab verənlərin 17%-ni təşkil edib.

Respondentlərdən taksi şirkətlərinin fəaliyyətində narazı olduqları məqamlar da soruşulub. Cavab verənlərin 18%-i avtomobillərin köhnə və texniki cəhətdən nasaz olmasından, 25%-i sürücülərin təcrübəsizliyindən, 15%-i yol hərəkəti qaydalarına riayət olunmamasından, 20%-i sərnişinlərlə qeyri-etik davranışlara yol verilməsindən narazıdır. İştirakçıların 22%-i isə digər məsələlərdən razı olmadığını bildirib.

Taksi ödənişlərində kart üsuluna üstünlük verənlər respondentlərin 24%-ni təşkil edib. Bu da 2021-ci ildə keçirilən sorğunun nəticələri ilə müqayisədə 1,8 dəfə çoxdur.

Sorğu iştirakçılarının 45%-i taksi xidmətlərinə ay ərzində 20 manatadək, 20%-i 20-30 manat, 14%-i 30-50 manat, 21%-i isə 50 manatdan çox xərclədiyini bildirib.