QƏRBİ AZƏRBAYCAN İCMASININ AĞSAQQALLAR ŞURASININ İCLASI KEÇİRİLİB

4 fevral 2023-cü il tarixində Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası iclas keçirib. İclasda Qayıdış Konsepsiyasının həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən bildirilib ki, iclası giriş sözü ilə açan Ağsaqqallar Şurasını sədri akademik Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə uyğun olaraq sülhpərvər qayıdış konsepsiyasının hazırlandığını qeyd edərək, bu vacib sənədin hazırlanması və icrasında Ağsaqqallar Şurasının fəal iştirakının əhəmiyyətini vurğulayıb.

İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanın Müşahidə Şurası tərəfindən 26 yanvar 2023-cü il tarixində təsdiq edilmiş Qayıdış Konsepsiyasının məzmunu və onun yerinə yetirilməsi üçün hazırda həyata keçirilən və planlaşdırılan tədbirlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

İclasda çıxış edən Prof. V. Şadlinski, Akademik A. Məhərrəmov, Prof. Ə. Ələkbərov, Prof F. Ağamalı, Prof. İ. Əliyev, Prof. Ə. Quliyev, Prof. A. Bayramov və digərləri Qərbi Azərbaycana qayıdışa verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür ediblər.

Toplantı iştirakçıları beynəlxalq hüquqa əsaslanan, sülhpərvər xarakterli Qayıdış Konsepsiyasını təqdir ediblər, onun icrası üçün səylərini əsirgəməyəcəklərini bildiriblər və bu prosesə dair təkliflərini səsləndiriblər.