2020-ci il oktyabrın 27-si, Bərdə rayonu, Qarayusifli kəndi… Vətən müharibəsinin 31-ci günü. Cəbhədən xeyli aralıda yerləşən kəndin sakinləri uzaqdan gələn top-mərmi səslərini eşitsələr də, öz adi həyatlarını yaşayırdılar. Elə İsgəndərovla ailəsi də. Ailə başçısı Rövşən təsərrüfatında çalışır, həyat yoldaşı Mətanət xanım ev işləri ilə məşğul idi. Uşaqları 7 yaşlı Aysu və 3 yaşlı Tahirə isə həyətlərində oynayırdılar. Qəfildən eşidilən dəhşətli partlayış səsi bütün kəndin, o cümlədən İsgəndərovlar ailəsinin sükutunu, düzənini pozdu. Balaca Aysunun həlak olması, kiçik bacısının yaralanması ilə nəticələnən həmin dəhşətli hadisədən geriyə göz yaşları, bir də xatirələr qaldı.
AZƏRTAC-ın bölgə müxbiri Bərdə rayonunun Qarayusifli kəndinə gedərək, Ermənistanın raket atəşi nəticəsində həlak olmuş 7 yaşlı Aysunun ailəsi, terror hadisəsinin digər zərərçəkənləri və şahidləri ilə görüşüb.
2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin həlak olub, 14 mülki şəxs yaralanıb.
Hər gün şəkillərinə baxıb ağlayırıq
Aysunun atası Rövşən İsgəndərov bir il əvvəl yaşadıqları dəhşətli günü belə xatırlayır: “Həmin gün əkin sahəsində traktor işlədirdim. Yuxarıda partlayış oldu. 6-7 saniyə sonra kəndə bombalar tökülməyə başladı. İşi saxlayıb evə tələsdim. Gəldim gördüm ki, uşağın biri yaralıdır, Aysu isə qanın içində uzanmışdı. Artıq həyatda deyildi. Bunu bilə-bilə qucağıma götürüb Bərdə xəstəxanasına apardım. Bu, son ümidim idi. Ancaq təəssüf…”.
Rövşən deyir ki, aradan bir il ötsə də, Aysunun yoxluğuna öyrəşə bilmirlər: “Aysu dəcəl və şən qız idi. Evin qarşısındakı ağacdan asdığımız yelləncəkdə yellənməyi çox sevirdi. Elə son oynadığı yer də ora oldu… Hər gün şəkillərinə baxıb ağlayırıq. Təsəllimiz odur ki, ordumuz Aysunun və qətlə yetirilmiş digər günahsız insanların qisasını alıb. Torpaqlarımız işğaldan azad edilib”.
Aysunun anası Mətanət xanımla söhbət etmək istəsək də kövrəldiyindən danışa bilmədi. “İlk övladımız idi. Bizim üçün çox ağırdır”, – deyib göz yaşlarına boğuldu.
Həmin dəhşətli gün Aysunun kiçik bacısı 3 yaşlı Tahirə də qəlpə yarası almışdı. Bərdə rayon xəstəxanasında əməliyyat olunub, ayağındakı qəlpə çıxarılıb.
Kaş, mən öləydim, Aysuya bir şey olmazdı
Qarayusifli kəndinin raket hücumuna məruz qalması nəticəsində həlak olan və yaralanan sakinlərin əksəriyyəti qonşuluqda yaşayan ailələrin üzvləri idilər. Həmin gün yaralanan Ayna Əkbərova qonşularını bir gün də olsun yaddan çıxarmadığını deyir: “Keçən il bu vaxtı gözüyaşlı idik. Həmin gün hamımız evdə idik. Bombalardan biri evimizin, biri isə tövlənin üstünə düşdü. Gəlinim, ikiyaşlı nəvəm və mən yaralandıq. Qonşularımız Ofeliya, Ehtiram, Aybəniz, Almaz və balaca Aysu həlak oldular. Kaş, mən öləydim, Aysuya bir şey olmazdı. Hər gün onları xatırlayıram, iş görə-görə bayatılar deyirəm…”.
Gözümüz yollarda qalıb…
Ötən il Qarayusiflidə yaşanan faciə bütün kənd sakinlərini sarsıltdı. Kimisi qohumunu, kimisi qonşusunu, kimisi isə doğmalarını, ailə üzvlərini itirdi. İsa Cəfərov isə bir ildir ki, təkcə qonşularının deyil, həm də anasının ağrı-acısını yaşayır. “Möhkəm partlayışdan sonra kəndin üstünə bombacıqlar tökülməyə başladı. Kənd tüstüyə büründü. Qışqırıq, ağlaşma səsi… Çox çətin gün idi. Anam 3 qəlpə yarası almışdı. Anamı xəstəxanaya özüm apardım. Amma əfsus ki, bizi tərk etdi… Bu bir il çox çətin keçdi. Anamın yoxluğuna barışa bilmirəm. Gözümüz yollarda qalıb. Sanki anam qapıdan içəri keçəcək. Tez-tez yuxularıma gəlir”, – deyə İsa Cəfərov bildirib.
İsa Cəfərovun, Ayna Əkbərovanın, Rövşən İsgəndərovun acısı təkcə bir kəndin, bir obanın deyil, bütün xalqımızın acısıdır. İndi həm Qarayusifli sakinlərinin, həm də erməni vəhşiliklərinin acılarını yaşayan hər bir azərbaycanlının ən böyük təsəllisi axıdılan günahsız qanların yerdə qalmaması, Azərbaycan Ordusunun erməni faşizminə qalib gəlməsidir.