ERMƏNİ TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ MİNGƏÇEVİRDƏ DAĞILAN EVLƏRİN TƏMİR-BƏRPASI YEKUNLAŞDIRILIB

44 günlük müharibə zamanı Ermənistanın təcavüzü nəticəsində Mingəçevir şəhərində ziyan dəymiş 41 tikilinin təmir-bərpası yekunlaşdırılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, erməni təcavüzü nəticəsində 40-dan çox yaşayış evinə ziyan dəyib.

Dövlət başçısının tapşırığına əsasən onlardan 1 yaşayış evi yenidən tikilərək sahibinə təhvil verilib, 41 tikilinin təmir-bərpası yekunlaşdırılıb, digər 2 yaşayış evində isə işlər bitmək üzrədir. Yaxın günlərdə Mingəçevir şəhəri üzrə bütün işlərin yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.

11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 12000-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.