AZƏRBAYCANLA TÜRKİYƏ BİRGƏ ZAVOD TİKƏCƏK – MEMORANDUM İMZALANIB

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gürok Group” şirkətlər qrupu arasında ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə Azərbaycanda şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

“Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan “Gürok Group” şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir”, – nazir qeyd edib.

Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur. Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədləri ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, sahibkarlığın inkişafına təkan vermək vəAzərbaycan Respublikasına xarici investorları cəlb etməkdən ibarətdir.