AZƏRBAYCAN TÜRKİYƏYƏ DƏSTƏYİNİ STRATEJİ ƏMƏKDAŞLIQ KONTEKSTİNDƏ GÖRÜR

2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələ Türkiyə tarixinin ən ağır təbii fəlakətlərindən biri kimi yadda qaldı. Minlərlə insanın həlak olması, şəhərlərin viran qalması təkcə Türkiyə üçün deyil, bütün region üçün ciddi humanitar və psixoloji sarsıntı idi. Prezident İlham Əliyevin zəlzələnin ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda bu faciənin miqyası xüsusi vurğulanır və hadisənin Türkiyə üçün “ciddi humanitar sınaq” olduğu açıq şəkildə ifadə edilir. Dövlət başçısının məktubu təkcə anım və başsağlığı xarakteri daşımır, eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini, böhran anlarında ortaya çıxan real müttəfiqliyin siyasi və mənəvi ölçülərini əks etdirən strateji sənəd kimi diqqət çəkir. Bu məqamda diqqət çəkən əsas amil ondan ibarətdir ki, Azərbaycan bu faciəni qonşu ölkənin problemi kimi deyil, öz milli dərdi kimi qəbul edib. Məktubda “Azərbaycan xalqı qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi” ifadəsi sırf emosional ritorika deyil, konkret faktlarla təsdiqlənən reallıqdır.

Prezident İlham Əliyev məktubunda Azərbaycan-Türkiyə münasibətlərinin əsasını təşkil edən “sarsılmaz qardaşlıq” anlayışını ön plana çıxarır. Burada mühüm siyasi mesaj var: həqiqi müttəfiqlik yalnız rəsmi sənədlərdə və yüksək tribunalarda deyil, məhz fəlakət və böhran anlarında özünü göstərir. Zəlzələnin ilk saatlarından etibarən Azərbaycanın Türkiyəyə göstərdiyi operativ yardım — xilasedicilərin göndərilməsi, humanitar dəstək, maddi və texniki resursların səfərbər olunması iki ölkə arasındakı münasibətlərin formal olmadığını, institusional və ictimai əsaslara söykəndiyini nümayiş etdirdi. Məktub bu reallığı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Məktubda Prezident Ərdoğanın “müdrik rəhbərliyi” və Türkiyə cəmiyyətinin birliyi xüsusi vurğulanır. Bu, sadəcə diplomatik nəzakət deyil, Türkiyənin zəlzələdən sonrakı bərpa prosesinə verilən siyasi qiymətdir. Qısa müddətdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun bərpası Türkiyənin böhran idarəçiliyi modelinin effektivliyini ortaya qoydu. İlham Əliyevin məktubunda bu proseslərin “uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisi” kimi təqdim olunması Ankara üçün mühüm beynəlxalq legitimlik mesajıdır.

Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi məktubun ən güclü simvolik məqamlarından biridir. Bu layihə sadəcə tikinti təşəbbüsü deyil, Azərbaycan-Türkiyə münasibətlərinin fiziki məkanda təcəssümüdür. Bu məhəllə gələcək nəsillər üçün yaddaş məkanı, qardaşlığın simvolu kimi qalacaq. Prezident İlham Əliyevin bu məqamı xüsusi qeyd etməsi göstərir ki, Bakı Türkiyəyə dəstəyini yalnız qısamüddətli humanitar yardım çərçivəsində deyil, strateji və uzunömürlü əməkdaşlıq kontekstində görür.

Məktubun yekun hissəsində yer alan “Bir millət, iki dövlət” fəlsəfəsi bu münasibətlərin ideoloji çərçivəsini bir daha müəyyənləşdirir. Burada söhbət təkcə emosional yaxınlıqdan deyil, regional təhlükəsizlik, siyasi sabitlik və davamlı inkişaf məsələlərində koordinasiyalı mövqedən gedir. Mövcud geosiyasi şəraitdə — Yaxın Şərqdə qeyri-sabitlik, Cənubi Qafqazda yeni güc balansı formalaşarkən Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionun əsas sabitləşdirici faktorlarından biri kimi çıxış edir. İlham Əliyevin məktubu bu birliyin gələcəkdə də davam edəcəyinə dair açıq siyasi iradə bəyanatıdır.

MTM Analitik Qrupu