DYP YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI SOSİAL LAYİHƏLƏRƏ DƏSTƏK VERİR

“Nərdivançı” sosial müəllim layihəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) dəstəyi ilə “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi elan edib.

Bu barədə BDYPİ-dən məlumat verilib. Bildirilib ki, müsabiqənin məqsədi təhsil alanlara yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqların müasir metodlarla aşılanmasına və bu sahədə təhsil verənlərin layihə çərçivəsində ərsəyə gələcək videomateriallardan tədris vəsaiti kimi istifadə etmələrinə nail olmaqdır.

Hazırda ölkəmizdə həyata keçirilən müvafiq Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyinin təbliğində vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilməsini fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təhsil ictimaiyyətini müsabiqədə fəal iştirak etməyə çağırır.

Müsabiqə ilə bağlı ətraflı məlumat “Nərdivançı” layihəsinin feysbuk səhifəsində verilib.