22 MAY BEYNƏLXALQ BİOMÜXTƏLİFLİK GÜNÜDÜR

22 may – Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyası qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir. Hər il bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarı “Həllin bir parçasıyıq #TəbiətÜçün”dür.

1992-ci ildə Keniyanın paytaxtı Nayrobidə əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan 2000-ci ildə qoşulub. Konvensiya dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə yaradılıb.

Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilib, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılıb, həmin ərazilərdə mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti respublika ərazisində və Xəzər dənizinin ölkəmizə mənsub olan bölməsində bioloji müxtəlifliyin, genetik fondun və təbii ekoloji sistemin qorunub saxlanılması, bərpası, artırılması, davamlı inkişafı, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı, maarifləndirmə, ekoturizmin və rekreasiyanın təşkili və inkişafı sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən qurumdur.