MEKSİKA-AZƏRBAYCAN SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR MEXANİZMİNİN ÜÇÜNCÜ TOPLANTISI KEÇİRİLİB

Meksika-Azərbaycan siyasi məsləhətləşmələr mexanizminin üçüncü toplantısı keçirilib.

Ölkəmizin Meksikadakı səfirliyindən bildirilib ki, Meksika Xarici İşlər Nazirliyində keçirilmiş toplantıya bu ölkənin xarici işlər nazirinin müavini, səfir Karmen Moreno Toskano və Azərbaycanın xarici İşlər nazirinin müavini Elnur Məmmədov həmsədrlik ediblər.

Bildirilib ki, 2022-ci ildə diplomatik əlaqələrin 30-cu ildönümünün qeyd olunması çərçivəsində keçirilən görüş əsnasında hər iki ölkə arasında siyasi dialoq səviyyəsinin yüksəldilməsi mümkün olub. Həmsədrlər ikitərəfli əlaqələrin intensivliyinin artırılmasına dair öhdəliklərini bəyan ediblər. Nazir müavini Karmen Moreno Toskano fürsətdən istifadə edərək meksikalı pilot Serxio Peresin qalib gəldiyi Formula 1 Azərbaycan Qran-Prisinin uğurla keçirilməsi münasibətilə azərbaycanlı həmkarını təbrik edib.

Danışıqlar zamanı siyasi və iqtisadi əlaqələri intensivləşdirməyin zəruriliyi qeyd edilib. Bildirilib ki, aqrosənaye sektoru daxil olmaqla, müxtəlif sahələrdə ticarət və sərmayələrə təkan vermək üçün böyük potensial mövcuddur. Eyni zamanda, hər iki ölkənin özəl sektorları arasında əlaqələrinin təşviqinin vacibliyi vurğulanıb. 2017-ci ildə imzalanmış saziş çərçivəsində ölkələrimiz arasında elm, texnologiya, incəsənət və mədəniyyət əlaqələrini daha da inkişaf etdirmək üçün təhsil və akademik mübadilələrə dair öhdəliklər təsdiqlənib.

Həmçinin tərəflər müxtəlif regional məsələlər və enerji təhlükəsizliyi barədə fikir mübadiləsi aparıblar. Beynəlxalq hüququn prinsipləri əsasında münaqişələrin sülh yolu ilə həlli, eyni zamanda, dialoq, danışıqlar, vasitəçilik və mübahisələrin həlli üçün digər vasitələrin vacibliyinə dair Meksikanın mövqeyi bir daha ifadə olunub.