BƏDİİ GİMNASTLARIN NÖVBƏTİ DAYANACAĞI LƏNKƏRAN OLACAQ

Bədii gimnastların növbəti dayanacağı Lənkəran olacaq. Paytaxt Bakıda keçirilən Azərbaycan çempionatı və Bakı birinciliyinin ardınca mayın 6-da Lənkəran Olimpiya İdman Kompleksi öz qapılarını bədii gimnastların üzünə açacaq.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, bu növ üzrə keçiriləcək yeddinci bölgələrarası kubok yarışlarında “Ocaq Sport” klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir – “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast qüvvəsini sınayacaq.

İdmançılar balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edəcəklər.

Yarışda balacalar – alətsiz, gürzlər, lent, yeniyetmələr – alətsiz, top, gürzlər, gənclər isə – halqa, top, gürzlər və lentlərlə çıxışlarını nümayiş etdirəcəklər.

Qaliblər çoxnövçülük proqramında müəyyənləşəcək.