Mərkəzi Bankın və ölkədə fəaliyyət göstərən (25 bank) bankların rəsmi saytlarından əldə olunan məlumatlara görə, 2022-ci ildə ümumilikdə bank sektorunun gəliri xeyli artıb. Belə ki, sözügedən dövrdə banklar 3 954 817 173 manat gəlir əldə edib ki, bu da 2021-ci il ilə müqayisədə 32,6% çoxdur. Artıma səbəb bankların faizlərdən əldə etdiyi gəlirlərdir.
Son 4 ilin göstəricilərinə baxsaq, burada azalmanın yalnız 2020-ci ildə qeydə alındığını görərik.

2022-ci ildə bankların gəlir göstəricilərinə diqqət etsək, həmin dövrdə yüz milyon manatdan çox gəlir əldə edən banklar sırasında ilk yeri kəskin fərqlə Kapital Bank tutub. Belə ki, Kapital Bank 2022-ci ildə 1 003 289 000 manat gəlir əldə etməklə 1 milyardın üzərində gəlir əldə edən yegənə yerli bank olub.
Məlumat üçün bildirək ki, Kapital Bankın gəlir göstəriciləri ölkə üzrə bütün bank gəlirlərinin 25,37%-ni təşkil edib. Bankın ümumi gəlirinin 60,7%-ni faiz gəlirləri, digər hissəsini isə qeyri-faiz gəlirləri təşkil edib.
2022-ci ildə yüz milyon manatdan çox gəlir əldə edən ikinci bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. ABB-nin 780 239 760 manat məbləğində illik gəliri ölkə üzrə bütün bank gəlirlərinin 19,73%-ni təşkil edib.
İlk üçlüyü 497 974 000 manat illik gəlir ilə Paşa Bank tamamlayıb. Paşa Bankın illik gəlir göstəriciləri fəaliyyətdə olan 25 yerli bankın ümumi gəlirlərinin 12,59%-ni təşkil edib.
Qeyd edək ki, ilk üçlükdə yer alan Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı və Paşa Bankın birlikdə ümumi gəlirləri ölkə üzrə bank gəlirlərinin 57,7 %-ni təşkil edir.

Qeyd edək ki, il ərzində 100 milyon manatdan az gəlir əldə edən digər yerli bankların göstəricilərinin cəmi sonuncu sırada – “Digər” bölümündə yer alıb.
Son dörd ilin göstəricilərinə görə, ölkə üzrə fəaliyyət göstərən bankların ümumi xalis mənfəəti hər il artıb. Ən yüksək artım 50,2% ilə 2022-ci ildə qeydə alınıb. Həmin il yerli bankların ümumi gəliri 914 472 846 manat təşkil edib. Bu da dörd il əvvəlki göstəricilərlə müqayisədə 70,3% çoxdur. Ümumilikdə son dörd ildə ölkə üzrə fəaliyyət göstərən banklar cəmi 2 628 197 458 manat xalis mənfəət əldə ediblər.

Kapital Bank 2022-ci ildə ölkə üzrə yerli bankların xalis mənfəət göstəricilərinə görə də ilk pillədədir. Ölkə üzrə yerli bankların ümumi mənfəət göstəricilərinin 33,68%-ni təşkil edən bankın 2022-ci ildə xalis mənfəəti 308 047 000 manat təşkil edib.
ABB 254 379 520 manat xalis mənfəətlə ikinci, Paşa Bank 149 394 000 manat xalis mənfəətlə üçüncü yerdə qərarlaşıb. ABB-nin xalis mənfəəti ölkə üzrə yerli bankların ümumi mənfəətinin 27,82 %-ni təşkil edib.

Məlumat üçün bildirək ki, xalis mənfəəti 25 milyon manatdan aşağı olan bankların ümumi göstəriciləri cədvəldə “Digər” adı ilə qeyd olunub.
2022-ci ildə 1 milyondan az mənfəət göstəricilərinə malik olan yerli bankların siyahısına diqqət etsək 557 000 manat xalis mənfəətlə Unibankı, 490 370 manat nəticə ilə Günaybankı, 56 650 manat xalis mənfəətlə Muğanbankı və – 4 975 000 manat göstərici ilə ili zərərlə bitirən Bank BTB-ni görə bilərik. İl ərzində əldə etdiyi gəlir göstəricilərinə görə 25 bank arasında 20-ci olan Bank BTB 2022-ci ildə 32 milyon manat gəlir əldə etsə də, xərclərinin çox olmasına görə ili zərərlə yekunlaşdıran yeganə bank olub.

Kapital Bank 2022-ci ildə ölkə üzrə ən çox filialları olan bank göstəricilərində də liderliyini qoruya bilib. Azərbaycan Beynəlxalq Bankı 67 filialla ikinci pillədə qərarlaşıb. Bu, Kapital Bankın filial sayından təxminən 2 dəfə azdır.
Bir filial sayı ilə AccessBankı qabaqlayan Bank Respublika üçüncü pillədə yer alıb.

