AZƏRBAYCAN HƏRBÇİLƏRİNƏ İŞGƏNCƏ VERİLMƏSİ FAKTI İSVEÇRƏDƏKİ SOYDAŞLARIMIZIN DA ETİRAZINA SƏBƏB OLUB

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı İsveçrədə yaşayan soydaşlarımızın böyük etirazına səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun hansı şəraitdə Ermənistana əsir düşməsinə aydınlıq gətirilib. Azərbaycanlı hərbçilərə qarşı edilmiş qeyri-insani hərəkətlərə diqqət cəlb olunub, bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.

Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də itkin düşmüş 3890 nəfər azərbaycanlıya Ermənistan tərəfindən 30 ildən çox müddətdə qarşı zorakılıq aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha bildirilib.

Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyən İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçularının dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıb.