
Aprelin 18-də Muzey Mərkəzinin sərgi salonunda Mədəniyyət Nazirliyinin dəstəyi və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan “Qobustan qayaüstü təsvirləri incəsənətdə” adlı sərgi açılıb.
Sərginin açılışında çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis tarixindən və ölkəmizdə bu günün qeyd olunmasından danışıb: “Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur. Ölkəmizin tarixi abidələrinin qorunması hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Biz öz qədim tariximiz və tarixi abidələrimizlə fəxr edirik. Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə tarixi abidələrin qorunmasına, mühafizəsinə çox böyük diqqət ayrılıb və bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir.
Sərgidə 100-ə yaxın əl işi təqdim olunur. Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə açılan sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş ölkəmizin tanınmış və gənc sənətkarlarının rəngkarlıq, heykəltaraşlıq, keramika, qrafika, batika, xalça və dizayn sahələri üzrə əl işləri nümayiş olunur”.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tədbir təşkilatçılarına belə bir sərginin təşkilinə görə təşəkkür edərək, sərginin əhəmiyyətindən danışıb. O deyib: “Hər bir Azərbaycan vətəndaşı Qobustan Milli Tarix-Bədii Qoruğunun ölkəmiz üçün necə üstün dəyərə sahib olduğunu çox gözəl bilir. Qobustan abidələri, həmçinin bütün dünya üçün eyni dərəcədə əhəmiyyətlidir. Qobustan abidələri bizə çox doğmadır, çünki o, tarixən mövcud olub və həmişə də öz mövcudluğunu qoruyub saxlayacaq. Əminəm ki, tarixi abidələrimizin qorunması və mühafizəsi məsələsi yalnız bu əlamətdar gündə deyil, hər zaman diqqətdə saxlanılacaq. Çünki bu bizim həm keçmişimiz, həm də gələcəyimizdir”.
Daha sonra Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək Qobustan abidələrinin xalqımız üçün mənəvi əhəmiyyətindən və sərginin önəmindən danışıblar.
Qeyd olunub ki, Qobustan xalqımızın daş yaddaşı və milli sərvətidir. Qobustan qədim tariximizin, zəngin mədəniyyətimizin və incəsənətimizin silinməz nişanələrinin daşıyıcısıdır. Qobustan daim sənətkarların, yaradıcı insanların ilham mənbəyi olub. Bugünkü sərgidə nümayiş olunan bir-birindən dəyərli əl işləri sənətkarlarımızın Qobustanın timsalında qədim tariximizə, zəngin mədəniyyətimizə sevgisinin ifadəsidir. Bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Qobustan abidələri qədim insanların həyat tərzini əks etdirən qayaüstü rəsmlər toplusudur. Tariximizin, mədəniyyətimizin ilkin inkişaf mərhələlərini izləməyə imkan verən Qobustan abidələri daim elm adamlarının tədqiqat obyekti, sənətkarlarımızın istinad yeri, yaradıcılıq mənbəyi olacaq.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

