STOKHOLMDAKI SOYDAŞLARIMIZ ERMƏNİSTANIN ZORAKI DAVRANIŞINA HÜQUQİ QİYMƏTİN VERİLMƏSİNİ TƏLƏB EDİBLƏR

Stokholmda fəaliyyət göstərən “SAF” İsveç-Azərbaycan Birliyi Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, birliyin adından İsveç ictimaiyyətinə, eyni zamanda beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşməsi səbəblərinə aydınlıq gətirilib, onlara qarşı qeyri-insani rəftara diqqət cəlb edilib.

Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası – işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi vurğulanıb.

Müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılması, lazımi hüquqi qiymət verilməsi, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.