“İRS” JURNALININ ÇİN DİLİNDƏ NÖVBƏTİ NÖMRƏSİ NƏŞR OLUNUB

Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib.

Jurnalın budəfəki buraxılışında da Qarabağ ən mühüm mövzu kimi təqdim olunur. Jurnalın bu nömrəsində qədim Azərbaycan torpaqları olan Zəngəzur mahalının Ermənistana verilməsinin tarixindən, Ermənistan Respublikası ərazisində, habelə işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın mədəni irsinin məhv edilməsindən söz açılır. Rusiyalı jurnalist Andrey Vasilyevin azad edilmiş Şuşadan hazırladığı reportaj, Çinin Azərbaycandakı səfiri xanım Qu Minin iki ölkənin münasibətlərindən bəhs edən məqaləsi, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlunun iki ölkənin iqtisadi-ticari münasibətlərinə və Azərbaycanın iqtisadi imkanlarına, investisiya mühitinə dair məqaləsi də “İrs” jurnalının Çin dilindəki sonuncu nömrəsinə daxil edilib.

Bundan başqa, oxucular Azərbaycanda yaşamış çinli müəllimin ölkəmiz haqqında təəssüratları və Bakıdakı Müasir İncəsənət Muzeyi haqqında məqalə ilə tanış ola biləcəklər.

Qeyd edək ki, “İrs” jurnalının Çin dili versiyası çinli oxucuların Azərbaycan haqqında reallıqları ilk mənbədən Çin dilində oxuması baxımından böyük əhəmiyyət daşıyır. Jurnal çinlilərin Azərbaycanı daha da yaxından tanımaları üçün mükəmməl məlumat toplusudur.

Jurnalın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilir.