
UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində İpək yolu irsini əks etdirən sərginin açılışı olub.
Sərginin açılış mərasimində UNESCO baş direktorunun müavini Qabriela Ramos, Çin və Azərbaycanın UNESCO yanında daimi nümayəndələri çıxış edərək, İpək yolunun əhəmiyyətindən, İpək yolu proqramı çərçivəsində həyata keçirilmiş layihələrdən bəhs ediblər.
Sonra açılış iştirakçıları UNESCO-nun mənzil qərargahının foyesində təşkil olunmuş sərgini ziyarət ediblər. Azərbaycanın İpək yolu irsi sərgidə Dövlət Turizm Agentliyi tərəfindən təşkil olunub və ölkəmizin turizm potensialının inkişafı məqsədilə yeni “Find your own Silk Road in Azerbaijan” şüarı altında təqdim edilir.
Dövlət Turizm Agentliyi tərəfindən təşkil olunmuş sərgidə Azərbaycanın İpək yolu üzərində yerləşən digər ölkələrin mədəni irs elementləri ilə oxşar və eyni tərəflərini vurğulayan nümunələr, bu oxşarlığı özündə əks etdirən çoxsaylı abidələr haqda məlumatlar, həmçinin sənətkarlıq, musiqi və mətbəx elementləri nümayiş olunur.
UNESCO-nun baş direktorunun müavini Qabriela Ramos, eləcə də tədbirdə iştirak edən rəsmi şəxslər Dövlət Turizm Agentliyinin təşkil etdiyi “Find your own silk road in Azerbaijan” sərgisini ziyarət edərək tanış olublar və ölkəmizin turizm potensialının genişləndirilməsində İpək yolu irsinin böyük rolu olacağını vurğulayıblar.
Tədbir çərçivəsində “İpək yolu – müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forum, fotomüsabiqə və elmi simpozium keçirilib, sənədli film nümayiş etdirilib.
1988-ci ildə start verilən UNESCO “İpək yolu” proqramı Şərq və Qərb arasında qarşılıqlı mədəni əlaqələrin araşdırılması və inkişafı istiqamətində müxtəlif təşəbbüsləri əhatə edib. 2012-ci ildən etibarən proqramın ikinci mərhələsində isə artıq ölkələr arasında tərəfdaşlıq və şəbəkənin qurulması, birgə layihələrin reallaşdırılmasına diqqət artırılıb.
Dövlət Turizm Agentliyi yaxın perspektivdə Azərbaycanın İpək yolu irsi üzərindən turizm potensialının gücləndirilməsi məqsədilə inkişaf planı hazırlayıb.
Sənədə əsasən, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın maddi və mədəni irs elementləri üzərindən İpək yolu mövzusunda müxtəlif turizm məhsullarının hazırlanması, regional İpək yolu mərkəzlərinin yaradılması, müxtəlif tədbir və festivalların həyata keçirilməsi gözlənilir.
