AZƏRBAYCANIN XALQ ARTİSTİ SƏİD RÜSTƏMOVUN ANADAN OLMASINDAN 114 İL ÖTÜR

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Səid Rüstəmovun adı musiqisevərlərə yaxşı tanışdır. Professional musiqimizin, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir bəydən dərs alan və onun yolunu, musiqi irsini layiqincə davam etdirən Səid Rüstəmovun adı musiqi tariximizin səhifələrinə əbədi yazılıb. O, görkəmli bəstəkar olmaqla yanaşı, pedaqoq, dirijor, ictimai xadim kimi də müstəsna xidmətləri ilə özünə əbədiyaşarlıq qazanıb. Ömründə bəstəkarın mahnılarından ən azı birini dinləmiş şəxs sanki bu nəğmənin sehrinə düşərək ondan qurtula bilmir.
Gözəl, axıcı melodiyaları ilə seçilən bu mahnılar onu dinləyən hər kəsin qəlbinə yol tapmağa, insan hisslərinə hakim kəsilməyə qadirdir. Bəstəkarın “Anamın laylası”, “Alagöz”, “Maralım, gəl”, “Qurban adına”, “Bənövşə”, “Haralısan” və onlarla digər mahnılarını xatırlamaq kifayətdir ki, onun bizə qoyub getdiyi irsin necə zəngin olduğunu dərk edək.
Bu gün bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın Xalq artisti Səid Rüstəmovun anadan olmasından 114 il ötür.

Səid Rüstəmov 1907-ci il mayın 12-də tarixi yurdumuzda – İrəvanda anadan olub.

Musiqi məktəbləri üçün “Not savadı” dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk “Tar məktəbi” dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının (1945), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə çarpıb. O, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işinə də xüsusi diqqət yetirib.
Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun əsərləri zaman, məkan baxımından köhnəlməyən, daim aktualdır. Mahnı S.Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək-zəhmət, lirik-məhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan “Oxu, gözəl”, “Hardasan?”, “Həkim qız”, “Getmə-getmə”, “Haralısan?”, “Bənövşə”, “İntizar”, “Sürəyya”, “Sumqayıt”, “Yürüş marşı”, “Cəbhəyə”, “Qurban adına”, “Sənindir” və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Ş.Ələkbərova, R.Behbudov, G.Məmmədov, S.Qədimova və bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün də ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan S. Rüstəmov onlar üçün də bir neçə gözəl nəğmə bəstələyib.

S.Rüstəmov 1983-cü il iyunun 10-da vəfat etsə də o, daima Azərbaycan musiqi sənəti tarixində yaşayır.