FORMULA 1-İN SABİQ PİLOTU: BAKIDA “RED BULL”UN DİGƏR KOMANDALARI DAHA ÇOX GERİDƏ QOYMAQ FÜRSƏTİ OLACAQ

Formula 1 çempionatının sabiq pilotu Timo Qlok “Red Bull” komandasının Azərbaycan Qran-Prisində digər komandalar qarşısında daha əhəmiyyətli üstünlüyə malik olacağı barədə fikirlərini bölüşüb.

“Sky Sport Germany” Qlokun bu sözlərini sitat gətirib: “Bakıda döngələr, eləcə də DRS effektinin (“Drag Reduction System” – ön müqavimətin azaldılması sistemi) oyuna qatıldığı uzun düz yollar daha çoxdur. Mən inanıram ki, Bakıda “Red Bull”un digər komandaları daha çox geridə qoymaq fürsəti olacaq. Məsələ kimin ilk yeniliklər gətirəcəyində və bu yeniliklərin necə alınmasındadır”.

Qeyd edək ki, Formula 1 çempionatının cari mövsümünün üç mərhələsindən sonra “Red Bull” komandası Konstruktorlar Kuboku hesabında əminliklə başçılıq edir. Avstriyanın yürüş kollektivi 123 xal toplayıb. Sonrakı yerdə 65 xalla “Aston Martin” komandası gəlir. Top üçlüyü “Mercedes” (56 xal) qapayır.