NİDERLANDDA QATAR RELSDƏN ÇIXIB, XƏSARƏT ALANLAR VAR

Niderlandın Cənubi Hollandiya əyalətində qatar relsdən çıxıb.

Bu barədə Niderlandın teleradioyayım korporasiyası məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə xilasedicilər cəlb edilib.

Məlumata əsasən, qatarın relsdən çıxması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Mərkəzi Hollandiya regionunun təhlükəsizlik xidməti “Twitter”də bildirib ki, insidentə səbəb dəmiryol relslərində tikinti texnikası olub.

“Sərnişin qatarı tikinti texnikasına çırpılıb”, – deyə məlumatda bildirilir.

“nu.nl” informasiya portalı qəza zamanı qatarda təxminən 50 nəfərin olduğunu iddia edir. Hadisə şahidlərinin verdiyi məlumata görə, qatarın ön hissəsi relsdən çıxıb, orta hissəsi yan tərəfə aşıb, quyruq hissəsində isə yanğın başlayıb və tezliklə yanğın söndürülüb.

Hadisə ilə əlaqədar olaraq bu hissədə qatarların hərəkəti dayandırılıb.