BEYNƏLXALQ ƏQLİ MÜLKİYYƏT SİSTEMİNİN ƏSASININ QOYULMASINDAN 140 İL ÖTÜR

Beynəlxalq əqli mülkiyyət sisteminin əsasının qoyulmasından 140 il ötür.

Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

1883-cü il martın 20-də Paris şəhərində Sənaye mülkiyyətinin mühafizəsi haqqında Konvensiya imzalanıb. Paris Konvensiyası ixtiraların, sənaye nümunələrinin, faydalı modellərin, əmtəə nişanlarının və digər əqli mülkiyyət obyektlərinin qorunmasının əsas prinsiplərini müəyyən edən ilk çoxtərəfli beynəlxalq müqavilədir.

Hazırda 179 dövlət Paris Konvensiyasının iştirakçısıdır. Azərbaycan Respublikası 1995-ci ildə bu konvensiyaya qoşulub.

Paris Konvensiyası ilk dəfə olaraq əqli mülkiyyət sahəsinin əsas anlayışlarını, əqli mülkiyyətin hüquqi qorunmasının milli sistemlərinin fəaliyyət prinsiplərini və onların qarşılıqlı əlaqəsini, müəlliflərin, ixtiraçıların və patent sahiblərinin hüquqlarını formalaşdırıb.