BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKUNUN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

Mayın 7-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Mərasim zamanı iştirakçı ölkələrin bayraqları zala gətirilib.

Yarış iştirakçıları aprelin 30-da vəfat etmiş gənclər və idman naziri Azad Rəhimovun xatirəsini yad edib. Arenada quraşdırılmış ekranda A.Rəhimovun gimnastların yarışları və məşqləri zamanı çəkilmiş şəkilləri nümayiş etdirilib.

Açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilib.

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçiriləcək.

Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edəcək.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.