KREML ERMƏNİSTANIN BİR SIRA RUSİYALI JURNALİSTLƏRİ ÖLKƏYƏ BURAXMAMASINA MƏNFİ YANAŞIR

Kreml Ermənistanın bir sıra rusiyalı media nümayəndələrini və deputatları ölkəyə buraxmamasına mənfi yanaşır.

Bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarına cavabında söyləyib. O deyib ki, Ermənistan Rusiyanın “böyük dostu, müttəfiqi və strateji tərəfdaşıdır” və hər iki ölkə ikitərəfli münasibətləri bu cür neqativ hallardan qorumalıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Moskvadan Ermənistana media kurslarında iştirak etmək üçün gedən “News Media” nəşriyyat evinin baş direktoru Aram Qabrelyanov İrəvan aeroportundan geri qaytarılıb. Ondan əvvəl isə “RT” telekanalının baş redaktoru Marqarita Simonyanın və Dövlət Dumasının deputatı Konstantin Zatulinin də Ermənistana girişinə qadağa qoyulduğu məlum olmuşdu.