ALİ MƏKTƏBLƏRƏ VƏ KOLLECLƏRƏ ƏRİZƏ QƏBULU DAVAM EDİR: 40 MİNDƏN ÇOX ƏRİZƏ TƏSDİQLƏNİB

Ali və orta ixtisas təhsili müəssisələrinə abituriyentlərdən ərizə qəbulu martın 15-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, martın 6-sı saat 10.45-ə olan məlumata görə, 40348 ərizə təsdiq edilib. Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə DİM-in saytında verilmiş keçiddə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış olmaq mümkündür.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni DİM-in saytında yerləşdririlib.