ALEKSANDAR VUÇİÇ PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG EDİB

Martın 1-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı Aleksandar Vuçiç Serbiya ilə Kosovo arasında Brüsseldə keçirilən dialoq səbəbindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşündə iştirak edə bilmədiyini dedi, Serbiyanı Bakıdakı tədbirdə xarici işlər nazirinin təmsil edəcəyini bildirdi. Serbiya Prezidenti bu dialoqun gedişi barədə dövlətimizin başçısına məlumat verib.

Aleksandar Vuçiç Serbiyanın dost Azərbaycan ilə qarşılıqlı hörmət və anlaşmaya, o cümlədən, dəstəyə əsaslanan münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti iki dövlət başçısının yüksək şəxsi münasibətləri sayəsində dinamik inkişaf edən Azərbaycan-Serbiya strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini vurğuladı, bu ilin də ikitərəfli münasibətlərimiz üçün uğurlu olacağına ümid etdiyini bildirib.

Söhbət zamanı enerji sahəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.