ARTIMDAN SONRA MÜƏLLİMLƏRİN 25 FAİZİNDƏN ÇOXU 1000 MANATDAN YÜKSƏK MƏVACİB ALACAQ

Müəllimlərin əməkhaqqı miqdarına onların dərs saatları birbaşa təsir göstərir. Yeni əməkhaqqı artımından sonra müəllimlərin 25 faizindən çoxu 1000 manatdan yüksək məvacib alacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, 2023-cü ildə müəllimlərin sertifikasiyasında 35 mindən çox müəllim iştirak edəcək: “Ötən il 11 133 müəllim sertifikasiya imtahanında iştirak edib. Onlardan 3127 müəllimin əməkhaqqına 35 faiz, 3426 müəllimin əməkhaqqına isə 10 faiz əlavələr edilib”.

O qeyd edib ki, cari ildə Azərbaycan dili və ədəbiyyat müəllimləri, ibtidai sinif müəllimləri sertifikasiya imtahanında iştirak edəcək: “Növbəti illərdə regionlar üzrə də müəllimlərin sertifikasiyadan keçirilməsi planlaşdırılır. Sertifikasiyadan keçən müəllimlərin əməkhaqqına sentyabr ayından əlavələr ediləcək”.