YENİ SƏFİR: TÜRKİYƏ VƏTƏN MÜHARİBƏSİNDƏ AZƏRBAYCANI QƏTİYYƏN YALNIZ QOYMAYIB

Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan qardaşlıq münasibətlərinin kökü ortaq tarix və mədəniyyətdən bəslənir.

Bunu Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcı öz açıqlamasında deyib.

O bildirib ki, Qarabağda ermənilərin 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanla yanaşı Türkiyə vətəndaşlarının da sevincinə səbəb olub:

“Türkiyə bu vətən müharibəsində öz qardaşlıq borcunu yerinə yetirərək Azərbaycanı qətiyyən yalnız qoymayıb. Müharibənin əvvəlindən sonunadək qardaşının yanında olub, dosta və düşmənə birliyin gücünü nümayiş etdirib”.

Səfirin sözlərinə görə, Türkiyə və Azərbaycan arasındakı siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji səviyyəyə çatıb:

“Son dövrlərdə bütün sahələrdə əməkdaşlığımızda böyük irəliləyiş qeydə alınıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən sonra enerji təhlükəsizliyini daha da artıran Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) işə salınıb. Bakı-Tbilisi-Qars dəmiryolu da regiondakı nəqliyyat şəbəkəsinin inkişafı baxımından böyük potensiala malikdir. Türkiyə və Azərbaycan sahib olduqları bütün imkanları ilə regionun təhlükəsizlik və sabitliyinə töhfə vermək məqsədilə səylərini birləşdirib”.

C.Bağcı əlavə edib ki, bütün bu işlər Türkiyənin Naxçıvan və Gəncədəki baş konsulluqları və Lənkərandakı fəxri konsulluq tərəfindən dəstəklənir.