AZƏRBAYCAN KARATEÇİSİ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ İKİNCİ OLUB

Azərbaycan karateçisi Rumil Cəfərli Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirində gümüş medalını qazanıb.

Azərbaycan Milli Karate Federasiyası xəbər verir ki, 16-18 yaşlı karateçilər arasında 76 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yalnız finalda rəqibinə məğlub olaraq, ikinci yerlə kifayətlənib. Daha əvvəl U-21 yığmasının üzvü Nicat Kərimli (75 kq) gümüş medal əldə edib.

Qeyd edək ki, Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar.

Altmış yeddi ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.