BƏƏ-NİN NAZİRİ: AZƏRBAYCAN ŞƏRQİ AVROPAYA VƏ REGİONUN BİR ÇOX BAZARLARINA AÇILAN QAPIDIR

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl-Zeyudi rəsmi WAM informasiya agentliyinə müsahibəsində öz ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin davamlı inkişaf etdiyini, qeyri-neft sektorunda ticarət dövriyyəsinin üç dəfədən çox artığını bildirib.

BƏƏ-nin naziri iki ölkə arasında qeyri-neft ticarətinin son beş ildə 10,2 milyard AED-dən çox olduğunu və bu rəqəmin 2018-ci ildəki 974,2 milyon AED ilə müqayisədə 270 faiz artdığını qeyd edib. Onun sözlərinə görə, 2022-ci ildə 6 milyard AED olan ticarət dövriyyəsinin həcmi 2021-ci ilə nisbətən 46 faiz artıb. Əl-Zeyudi əlavə edib ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi idxalda 32,6 milyon AED, ixracda 351,9 milyon AED və təkrar ixracda 3,5 milyard AED təşkil edib. “Xarici ticarət mübadiləsində əhəmiyyətli artım investisiyaların, əməkdaşlıq və təcrübə mübadiləsinin artması fonunda baş verir”, – deyə nazir vurğulayıb.

Əl-Zeyudi bildirib ki, Azərbaycan Şərqi Avropaya və regionun bir çox bazarlarına açılan qapıdır. Onun sözlərinə görə, hər iki ölkədə müxtəlif sektorlarda, o cümlədən ərzaq təhlükəsizliyi, xidmətlər, daşınmaz əmlak, logistika üzrə böyük investisiya imkanları mövcuddur. Nazir deyib: “İki ölkə arasında iqtisadi və ticarət əlaqələrində davamlı inkişaf və şaxələndirmənin şahidi oluruq. Bu, bərpa olunan və ekoloji cəhətdən təmiz enerji sahələrində özünü daha bariz göstərir. BƏƏ-nin Azərbaycana qeyri-neft ixracı qeyri-xam neft yağları, tütün məmulatları, avtomatik çiləyici qurğular, təzyiq azaldıcı kranlar və klapanlar, plastik məmulatlar, müxtəlif kimyəvi məhsullar, qızıl, ətir, kağız məmulatları, alüminium, çay və üzvi kimyadan ibarətdir”.

Əl-Zeyudi qeyd edib ki, ən mühüm təkrar ixrac əmtəələri telefonlar, televizor ekranları, avtomobillər və onların hissələri, nasoslar, ventilyatorlar, kompüterlər, təyyarə hissələri, alüminium təbəqələr, mineral yağlar, şinlər, kağız və əlaqədar məhsullar olub. Əsas idxal malları sırasında isə qızıl, zərgərlik məmulatları, bitkilər, tütün məmulatları, mis məftillər, mis məmulatları, qabıqlı meyvələr yer alıb.