ÖLKƏDƏ İLK DƏFƏ OLARAQ “MİNAHACK” HAKATONU KEÇİRİLƏCƏK

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə fevralın 23-24-də ölkədə ilk dəfə olaraq minaların təmizlənməsi mövzusunda “Minahack” hakatonu keçiriləcək.

UNEC-dən bildirilib ki, layihənin məqsədi Azərbaycanın işğaldan azad olunan ərazilərində minatəmizləmə işlərinin sürətli aparılmasına innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də 17 yaşdan yuxarı ən fəal icma üzvlərini bir araya gətirərək, torpağın minalardan təmizlənməsi üçün texnoloji ideyalar və həllər təklif etməkdir.

Hakatonda iştirakla bağlı müraciət edənlər üçün 17-35 yaş həddi müəyyən edilib. İştirakçılar yalnız komanda şəklində çıxış edə bilər. Hər komanda kapitan daxil olmaqla, 5 üzvdən ibarət olmalıdır. Bir komandada fərqli müəssisələrdən maksimum 1 nəfər olmalı və kapitan komandanın üzvləri tərəfindən seçilməlidir. İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar.

“Minahack 2022” hakatonu üzrə I, II və III yerləri qazanan komandalar müvafiq olaraq 5000, 2500, 1500 manat məbləğində pul mükafatı, finalçılar isə qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaqlar.

Hakaton UNEC-in 3 saylı tədris binasında (Murtuza Muxtarov 194, Nizami korpusu), saat 09:00-da təşkil olunacaq.