ADPU-DA QƏRBİ AZƏRBAYCAN İCMASININ İDARƏ HEYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Fevralın 21-də Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvlərinin Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) pedaqoji heyətlə görüşü keçirilib.

Tədbiri açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova görüşün məqsədi barədə danışıb. Prorektor Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və digər çıxış edənlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının prinsiplərindən bəhs ediblər. Qeyd olunub ki, konsepsiya Qərbi azərbaycanlıların öz tarixi Vətəninə qayıtması üçün yol xəritəsi rolunu oynayır.

Tədbir çərçivəsində Beynəlxalq Ana Dili Günü ilə bağlı kompozisiyaya baxış keçirilib. Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdışın vacib komponentlərindən biri də bu bölgədəki anadilli mədəniyyətin yaşadılmasıdır.