
Hər il 20 fevral tarixi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) təşəbbüsü ilə Aviasiya Qəzası Qurbanları və Ailələrinin Beynəlxalq Anım Günü kimi qeyd olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, ICAO-nun bu addımı aviasiya qəzalarında həlak olanların xatirəsinə ehtiram göstərmək, onların ailə üzvlərinin psixi, fiziki və mənəvi sağlamlığını diqqət mərkəzində saxlamaq məqsədi daşıyır.
Azərbaycanın da üzvü olduğu beynəlxalq təşkilat son bir neçə ildə bu ailələrə yardımın adekvat şəkildə həll olunmasını təmin etmək üçün çoxsaylı təşəbbüslər irəli sürüb. Təşkilat hər il üzv ölkələrə təyyarə qəzası qurbanları və ailələrinin ehtiyaclarını ödəmək üçün yardımla bağlı müvafiq qanunvericilik aktları və planlar hazırlamağa kömək edəcək beynəlxalq tədbirlər təşkil edir.
Bu gün də İtaliyanın Milan şəhərində seminar keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndəsi iştirak edir.
Seminarın gündəliyinə aviasiya qəzası qurbanları və onların ailələrinə yardımla bağlı mövcud qlobal, regional və milli müddəaların müzakirəsi daxildir. Bu diskussiya ICAO-ya üzv dövlətlərdə müvafiq qanunvericiliyin yaradılması və ya inkişaf etdirilməsi məqsədilə aparılır.
