QƏTƏR VƏ AZƏRBAYCAN ARASINDA İQTİSADİ-TİCARƏT ƏLAQƏLƏRİNİN PERSPEKTİVLƏRİNƏ DAİR HESABAT DƏRC EDİLİB

Nüfuzlu “Al-Şarq” nəşri Qətər və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivlərinə dair “Businesslend” saytının hazırladığı geniş hesabatı dərc edib.

Hesabatda Qətər və Azərbaycanın müxtəlif sahələrdə malik olduqları böyük imkanları nəzərə alaraq növbəti mərhələdə bütün sektorlarda iqtisadi və ticarət əlaqələrini gücləndirmək planları açıqlanıb. “Al-Şarq” nəşri qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi arasında bu yaxınlarda keçirilmiş görüşdə iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Qətərli nazirə Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı, həmçinin Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə məlumat verilib.

Hesabatda qeyd olunub ki, Qətər sərmayələrinin həcmini artırmaq məqsədi ilə paytaxt Bakıda və digər şəhərlərdə birgə layihələr həyata keçiriləcək. Dohadan olan investorlar Azərbaycanın daşınmaz əmlak sektoruna da böyük maraq göstərirlər.

“Businesslend” Azərbaycanın paytaxtında və bölgələrdə yerləşən iri obyektlər, həmçinin onların istehsal gücü və potensialı barədə də ətraflı məlumat verib. Hesabatda diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti qətərli iş adamlarının fəaliyyətinə bütün imkanları yaratmağa hazırdır, eyni zamanda, bu ölkədə xarici sərmayədarlar üçün münbit investisiya mühiti mövcuddur.