
Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələ nəticəsində 11 vilayətdə dağıntılar altından çıxarılan və sahiblərini itirən bəzi ev heyvanları – pişik, it və quşlar İzmir şəhərinin Böyükşəhər Bələdiyyəsinin Paco Küçə Heyvanları Sosial Həyat Korpusunda müalicə edilir.
Anadolu Agentliyindən bildirilir ki, Böyükşəhər Bələdiyyəsinin Baytarlıq işləri üzrə şöbə müdiri Umut Polat zəlzələdən sonra səyyar xidmət maşını, baytar həkimlər və texniki heyətlə birgə həmin əraziyə yola düşüb.
Heyətin dağıntılar altında qalan və ya zərərçəkən təxminən 300 ev heyvanına tibbi yardım göstərdiyini qeyd edən U.Polat: “Bölgədən 9 it, 2 pişik və 2 ev quşu Paco Sahibsiz Heyvanları Sosial Həyat Korpusuna yerləşdirilib. Beton dağıntılar arasından xilas olunmağı gözləyən, sahiblərini itirən heyvanların ən böyük problemi stres, narahatlıq və qorxudur. Paco Sahibsiz Heyvanlar Sosial Həyat Korpusunda işləyən təcrübəli baytarlar onların təliminə və reabilitasiya dövrünə töhfə verəcək. Hazırda korpusa gələn heyvanlara parazitlərə qarşı xüsusi peyvənd vurulur. Müalicə prosesi tamamlandıqdan sonra sağlamlıq problemi olmayan ev heyvanları yeni sahiblərini gözləyəcək. Eyni zamanda yaranan stres və qorxu səbəbindən zəlzələdən sonra travma alan bəzi heyvanlarda davranış problemləri müşahidə edilir. Yeni sahiblərinin onlara göstərəcəyi sevgi və qayğı bu prosesdən qurtulmağa kömək edəcək”.
U.Polat əlavə edib ki, zəlzələdən sonra qurtarılan sarı bülbülə “Ümid”, tutuquşuna isə “Can” adı verilib.



