OPEK 2023-CÜ İLDƏ AZƏRBAYCANDA MAYE KARBOHİDROGEN İSTEHSALININ ARTIMININ TƏKANVERİCİ QÜVVƏLƏRİNİ AÇIQLAYIB

2023-cü ildə Azərbaycanda maye karbohidrogen istehsalı proqnozlara görə gündəlik 60 min barel artmaqla orta hesabla gündəlik 0,8 milyon barelə çatıb.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) fevral hesabatında bildirilib.

OPEK proqnozlaşdırılan artımın “Şahdəniz” və “Abşeron” yataqları hesabına baş verəcəyini hesab edir.

“2023-cü ildə “Mərkəzi Şərqi Azəri” platformasının işə salınması ilə hasilat daha da arta bilər”, – hesabatda deyilir.

Kartelin qiymətləndirmələrinə görə, 2022-ci ilin dekabr ayında Azərbaycanda maye karbohidrogen hasilatı aylıq hesabatda dəyişməz olaraq qalaraq orta hesabla gündəlik 0,7 milyon barel təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə gündəlik 8 min barel azdır.

“Rəsmi mənbələrə əsasən xam neft hasilatı gündəlik orta hesabla 550 min barel təşkil edib. Qiymətləndirmələrə əsasən, 2022-ci ildə Azərbaycanda maye karbohidrogen istehsalı ötən illə müqayisədə gündəlik 42 min barel azalaraq orta hesabla gündəlik 0,7 milyon barel təşkil edib. Köhnə yataqlardfakı əsaslı azalma digər yataqlarda, məsələn bp-nin rəhbərliyi altında konsorsiumun “Şahdəniz” qaz-kondensat yatağında hasilatın artırılması hesabına kompensasiya olunacaq”, – hesabatda deyilir.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycandan xam neft və neft məhsullarının ixracı təqribən 26,024 milyon ton olmaqla, dəyəri təqribən 19,484 milyard dollar təşkil edib.