
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, AYNA tərəfindən təşkil olunan təxliyə avtobusları ilə vətəndaşlarımız Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilir.
“Bu günə kimi 12 reys həyata keçirilib və 479 vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatıb. Vətəndaşlar ödənişsiz Bakıya daşınıb.
“Hazırda sərhəddə ehtiyat avtobus da mövcuddur”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
