
Bu ayın sonuna qədər zəlzələ bölgələrində inşaat işlərinə başlanılacaq.
Bu barədə Türkiyə Şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
Onun sözlərinə görə, indiyə qədər Türkiyənin zəlzələdən zərər çəkən 10 vilayətində 307 min 763 bina, yəni 1 milyon 586 min 901 ev və iş yeri nəzərdən keçirilib.
“41 min 791 binanın dağıldığını, dərhal sökülməsi lazım olduğunu və ciddi ziyan gördüyünü müəyyən etdik. Bu, təxminən 190 min 172 yaşayış və iş yerimizə bərabərdir, başqa sözlə, 190 min yaşayış və iş yerimiz dağılıb. Orta ziyanlı evləri möhkəmləndirmədən bu evlərə daxil olmaq mümkün deyil. Ağır zədələnmiş binalarımız artıq söküləcək. Ay sonuna qədər zəlzələ bölgələrində inşaat işlərinə başlanılacaq”, – deyə M.Kurum əlavə edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda həlak olan və yaralananlar var.
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.