
Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə film, foto və mahnı müsabiqəsi elan edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, müsabiqə “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı videoreportaj” və “Ən yaxşı mahnı (klip)” nominasiyaları üzrə keçiriləcək. Müsabiqə üçün “Narkotik vasitələrin qanunsuz dövriyyəsində polis əməkdaşlarının qətiyyətli mübarizəsi”, “Narkotik vasitələr və psixotrop maddələr insan sağlamlığını və psixologiyasını məhv edir”, ”Narkotik vasitələr və psixotrop maddələr stresi azaltmır, problemləri həll etmir”, ”Narkotik vasitələr və psixotrop maddələr istifadəçilərin həyatını məhv edir”, ”Narkotik vasitələr və psixotrop maddələr ailələrin dağılmasına, sonsuzluğa və digər ağır fəsadlara səbəb olur”, “Narkotik vasitələrin və psixotrop maddələrin insan üçün heç bir faydası yoxdur”, “Narkomanlıq bir şəxsin yox, bir ailənin faciəsidir” mövzularında hazırlanan materiallar təqdim olunmalıdır. Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər. Təqdim edilən materiallar müəyyən edilmiş mövzular üzrə olmalıdır. Müsabiqə üçün hazırlanmış materiallar Daxili İşlər Nazirliyinin mətbuat xidmətində yaradılmış xüsusi komissiyaya təqdim edilməlidir.
Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər. Təqdim olunan materiallar müəyyən edilmiş mövzuları tam əhatə etməlidir. Daha əvvəllər hazırlanmış və yayılmış materiallar olmamalıdır. Müsabiqə üçün hazırlanmış materiallar Daxili İşlər Nazirliyinin Mətbuat xidmətində yaradılan Xüsusi Komissiyaya təqdim olunmalıdır.
Hazırlanan material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı, çalışdığı televiziya və ya saytda yayımlanmalıdır. Həmçinin Daxili İşlər Nazirliyinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələri “tag” edilməli və müəllif tərəfindən izlənilməli, #narkotikəyoxdeyək #narkotikləmübarizədəpolisədəstəkolaq #narkotikmüsabiqə həştəqləri ilə birlikdə paylaşılmalıdır. Hazırlanan materiallar və paylaşılan səhifələrə keçid linkləri, o cümlədən anket məlumatı və əlaqə nömrəsi musabiqe.bnmi@gmail.com elektron poçtuna göndərilməlidir.
Müsabiqədə hər istiqamət üzrə üç qalib müəyyən ediləcək. İlk üç yerin qalibləri müvafiq olaraq 1000, 500 və 300 manat məbləğində pul mükafatları ilə təltif ediləcəklər.
Qeyd edək ki, paylaşılan materiallara baxış sayı qalibin müəyyən edilməsində rol oynayacaq.
Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 7. Əlaqə telefonları: (012) 590 98 44, (012) 590 99 07, elektron ünvan: musabiqe.bnmi@gmail.com