XİLASEDİCİLƏRİMİZ ZƏLZƏLƏ DAĞINTILARI ALTINDAN DAHA BİR QADINI SAĞ ÇIXARIBLAR 

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri dağıntılar altında 120 saat qalmış qadını xilas ediblər.

FHN-dən verilən məlumata görə, nazirliyin çevik xilasetmə qüvvələri güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində çox mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 120 saat qalmış 50 yaşlı Fatma adlı qadın sağ xilas olunub.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.