TÜRKİYƏDƏ ZƏLZƏLƏ BÖLGƏLƏRİNƏ 25 MİNƏ YAXIN XİLASEDİCİ CƏLB EDİLİB

Türkiyədə zəlzələ olan bölgələrdə 24 min 443 şəxsi heyət cəlb edilib.

Bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ riski və zəlzələlərin azaldılması üzrə baş direktoru Orhan Tatar deyib.

“Çox müxtəlif qurumlardan axtarış-xilasetmə qrupları cəlb edilib, könüllülər var. Axtarış-xilasetmə qrupları mütəmadi olaraq bölgəyə göndərilir”, – deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.