TÜRKİYƏDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 2921 NƏFƏRƏ ÇATIB

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 2921-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezar deyib.

Onun sözlərinə görə, daha 15 834 nəfər yaralanıb.

Bundan əvvəl Türkiyənin vitse-prezidenti Fuat Oktay dağıntılar altından ümumilikdə 7840 nəfərin çıxarıldığını bildirib.

F.Oktay əlavə edib ki, 338 min nəfər yataqxana, universitet və sığınacaqlarda yerləşdirilib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.