VANKUVERDƏKİ SOYDAŞLARIMIZ TEHRANDAKI TERAKTLA BAĞLI BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT EDİBLƏR

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Human Rights Watch”, “Freedom House”, “Amnesty International”, BMT, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan əsilli kanadalıların bu dəhşətli cinayəti hiddətlə pislədikləri bildirilib.

İranda heç bir diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanətin olmadığı, 40 milyon azərbaycanlının hüquqlarının davamlı olaraq pozulduğu, son vaxtlar Azərbaycana münasibətdə məhz İran İslam Respublikasının Ermənistanla birgə ölkəmizin sərhədləri daxilində qanunsuz əməllər törətdiyi diqqətə çatdırılıb.

Kanada azərbaycanlıları yerli və dünya ictimaiyyətini regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, bu terror aktının təşkilatçılarının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq hüququn normalarına uyğun olaraq təcili tədbirlər görməyə çağırıblar.