
Bakıda Milli Gimnastika Arenasında Azərbaycan Gəncləri Günü münasibətilə “Yeni trendlər və gənclər” bloger və jurnalistlərin birinci forumunun açılış mərasimi olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov forum iştirakçılarını salamlayaraq, onları Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib.
Nazir qeyd edib ki, builki görüşümüz fərqli – forum formatındadır. Forum gənclər arasında şəbəkələşmənin inkişafına böyük töhfə verəcək. “Forumda cəmiyyət üçün faydalı məsələlər müzakirə olunacaq. Ölkəmizdə 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Bundan əlavə, gənclərin inkişafında xüsusi əhəmiyyətə malik Gənclər Fondunun da fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Bu həftə ölkəmizdə “Gənclər həftəsi-23” elan olunub. Həftə ərzində silsilə tədbirlərin təşkili nəzərdə tutulub”, – deyə nazir qeyd edib.
Sonra söz blogerlərə verilib. Onlar gəncləri narahat edən problemlərin həlli, şəbəkələşmənin yaradacağı yeni imkanlar və sosial şəbəkələrdə cəmiyyətin maarifləndirilməsi istiqamətində görüləcək işlər barədə danışıblar.
Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, gənclər təşkilatlarının üzvləri, blogerlər və jurnalistlər iştirak edirlər.
Hazırda forum işini davam etdirir.
