AMERİKALI ALİMLƏR “COVID-19” ƏLEYHİNƏ YENİ PREPARATI İNSANLAR ÜZƏRİNDƏ KLİNİK SINAQLARDAN KEÇİRİR

ABŞ Milli Səhiyyə İnstitutunun və Plymouth Universitetinin alimləri qripin müalicəsi üçün yeni hazırlanan МК-4482 (molnupiravir) preparatının koronavirus infeksiyasına yoluxmadan 12 saat öncə və ya 12 saat sonra qəbul ediləcəyi təqdirdə effektiv olduğunu aşkarlayıblar.
“Interfax” agentliyi xəbər verir ki, bu barədə Plymouth Universitetinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hazırda preparat insanlar üzərində klinik sınaqlardan keçirilir. Alimlər dərmanın orqanizmdə virusun miqdarını və onun ağ ciyərlərə vurduğu zərəri azaltmağa kömək etdiyini deyirlər. Tədqiqatçıların fikrincə, preparat “COVID-19” infeksiyasına yüksək yoluxma riski olan hallarda istifadə oluna, həmçinin yoluxmuş xəstələrin effektiv müalicəsini digər dərmanlarla birgə təmin edə bilər.
Tədqiqat işləri ABŞ-ın Montana ştatının Hamilton şəhərindəki Milli Allergiya və İnfeksiya Xəstəlikləri İnstitutunda (NIH) yerləşən “Rocky Mountain Laboratories” laboratoriyasında aparılır.