YAPONİYADA GÜCLÜ QAR NƏQLİYYAT İNFRASTRUKTURUNU İFLİC EDİB

Yaponiyanın bəzi prefekturalarına və Yapon dənizindəki Honsyu adasına yağan güclü qar səbəbindən yanvarın 25-də azı 397 daxili aviareys ləğv edilib.

Kyodo News agentliyi xəbər verir ki, “Japan Airlines və “All Nippon Airways” aviakompaniyaları çərşənbə gününə planlaşdırılan 280-dən çox reysin yerinə yetirilməyəcəyini bildirib.

Şərqi-Yaponiya dəmiryol kompaniyası Fukusimo və Sindze şəhərləri arasında sürət qatarlarının hərəkətini dayandırıb. “Sanyo Shinkansen” və “Tokaido Shinkansen” operatorlarının qatarları sürətini azaltmalı olub, “Tohoku Shinkansen” qatarlarında isə gecikmələr baş verib. JR kompaniyası da Honsyu adasında sürət qatarlarının hərəkətini günün sonuna qədər dayandırmaq qərarına gəlib.

Yaponiyanın avtomobil yollarındakı vəziyyət də ürəkaçan deyil. Kəskin hava şəraiti ilə əlaqədar ölkədəki ondan çox avtomobil magistralı bağlanıb.

Sinoptiklərin məlumatına görə, sutka ərzində Yaponiyanın şimal və şimal-şərq regionlarına 60-80 santimetr qalınlığında qar yağacaq və güclü şaxta olacaq.