YAŞI ƏN AZI 25 MİLYON İL OLAN DAŞLAŞMIŞ AĞAC QALIĞI

Milli Azərbaycan Tarixi Muzeyinin nadir incilərindən biri, yaşı ən azı 25 milyon il olan daşlaşmış ağac qalığı tezliklə yeni ekspozisiyada nümayiş etdiriləcək.

Bu barədə muzeydən məlumat verilib.

AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən həmin ağac qalığı Azərbaycanın Şamaxı rayonu ərazisində Maykop çöküntüləri təbəqəsindən aşkar edilib, 2000-ci ildə muzeyə hədiyyə olunub. Tədqiqatçıların hesablamalarına görə, daşlaşmış ağac qalığı planetdə iqlimin soyuqlaşmağa, tropik meşələrin geniş düzlərlə əvəz olunmağa başladığı, yeni yırtıcı heyvanların, insanabənzər meymunların, eləcə də müasir fil və atların əcdadlarının yarandığı dövrə aiddir.

Qeyd edək ki, dünyanın qədim mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan müxtəlif dövrlərə aid arxeoloji abidələrlə zəngindir. Minilliklər boyu Azərbaycan ərazisində yaşamış əcdadlarımızdan irs qalmış həmin abidələr tariximizin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.