
Hindistanın populyar xəbər portallarından olan www.abplive.com-da “Atəşgah” məbədi haqqında geniş məqalə yerləşdirilib.
Məqalədə Hindistandan minlərlə kilometr aralıda yerləşən Azərbaycanda əsrlərdir yanan atəşin olduğu məbəddən söz açılıb. Qeyd olunub ki, Xəzər dənizinin qərb tərəfində müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda hindu ziyarətçilərin maraq göstərdiyi məbədin olması təəccüblüdür. Məbəd o qədər unikaldır ki, ona Atəşgah adı verilib.
Məbədin tarixi və memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat verən müəllif qeyd edir ki, Hindistanın keçmiş xarici işlər naziri Suşma Svarac da 2018-ci ildə Azərbaycanda səfərdə olarkən, “Atəşgah” məbədini ziyarət edib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə memarlıq qoruğu elan edilən “Atəşgah”ı hər il minlərlə əcnəbi turist və zəvvar, o cümlədən hindistanlılar ziyarət edir. Bildirilib ki, “Atəşgah” məbədi UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilib.

