TEODORA MARİN: AZƏRBAYCAN PREZİDENTİNİN YÜKSƏK DİPLOMATİK BACARIĞI VƏ LİDERLİK KEYFİYYƏTLƏRİ SAYƏSİNDƏ REGİONDA SABİTLİK BƏRPA EDİLİB

Azərbaycan Prezidentinin yüksək diplomatik bacarığı və liderlik keyfiyyətləri sayəsində regionda sabitlik bərpa edilib. Ermənistanın qeyri-müəyyən siyasəti gələcəkdə həm regiona, həm də özünə böyük zərbə vura bilər.

Bu fikirlər Rumıniyanın qabaqcıl “Ultima Ora” (Son Saat) qəzetinin baş redaktoru, əməkdar jurnalist, Rumıniya Peşəkar jurnalistlər İttifaqının üzvü Teodora Marinin aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransa həsr olunmuş məqaləsində yer alıb.

Konfransda aparılan müzakirələrə və səsləndirilən fikirlərə toxunan müəllif Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, buna baxmayaraq, qarşı tərəfin təcavüzkar siyasətinin qanlı müharibəyə gətirib çıxardığını bildirib.

Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və beynəlxalq təşkilatlarda strateji tərəfdaşının maraqlarını hər zaman nəzərə aldığını deyən Teodora Marin əminliyini bildirib ki, Qarabağ münaqişəsindən sonra regionda sülh və firavanlıq təmin olunacaq. Müəllif bunun üçün hər iki tərəfin bu istiqamətdə səylərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.